Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi.
Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.